CƏMİYYƏT


Umayra Tağıyeva: Dekabrın 16-dan etibarən havanın temperaturu kəskin enəcək

Bakı, 14 dekabr, AZƏRTAC

İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. Belə ki, ayın 16-da gündüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Üçüncü ongünlükdə bəzi günlərdə yağıntının intensiv olacağı ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qış fəslində temperaturun çoxillik dəyişmələri və qış proqnozu” mövzusunda keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturunun norma daxilində müsbət 3,2 dərəcə olduğunu bildirən U.Tağıyeva deyib: “Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacağı gözlənilir. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normasının cəmi 33-48 faizini təşkil edib”.

Onun sözlərinə görə, iqlim dəyişmələri tək birbaşa deyil, dolayı təsirlərlə də özünü büruzə verir: “Dünyada aparılan son illərin meteoroloji tədqiqatlarına görə minimal və maksimal temperaturlarda yüksəlmə müşahidə edilir. Soyuq günlər sayı azalır, isti günlərin sayı isə artmaqda davam edir. Azərbaycanda çoxillik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə enib, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə enib. Dekabr ayında müşahidə olunan bu enmə isə yalnız bir-2002-ci ilin hesabında olub. 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında ümumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.