CƏMİYYƏT
Umayra Tağıyeva: Güclü külək uşaqların qar arzusuna mane oldu
Bakı, 10 fevral, AZƏRTAC
Yaxın günlərdə mövsüm ərzində ilk dəfə olaraq qış özünü göstərdi. Demək olar ki, bütün ölkə ərazisi, bəzi bölgələr isə qalınlığı yarım metrə çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24°-dək endi. Hətta Abşeron yarımadasında son illər nadir hadisə olan 2° şaxta qeydə alındı.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hava şəraiti uşaqların qar arzusuna mane olub. Belə ki, saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron yarımadasının üzərindən qovaraq Bakıya nəzərəçarpacaq dərəcədə qarın yağmasını əngəlləyib.
“Bu gün axşamadək arabir saniyədə 30 metrədək sürətlənən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək. Onun fevralın 11-də gündüz cənub-qərb küləyi ilə əvəzlənməsi temperaturun 6°-dək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qarın yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”, - deyə departamentin direktoru diqqətə çatdırıb.