CƏMİYYƏT
Umayra Tağıyeva: Hava şəraiti kəskin dəyişəcək YENİLƏNİB VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Ölkə ərazisinə Aralıq dənizi siklonlarının yaxınlaşması ilə əlaqədar olaraq yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Yanvarın 17-si gecədən başlayaraq hava şəraitinin dəyişməsi ilkin olaraq Naxçıvan Muxtar Respublikasında, Dağlıq Qarabağda, Gəncə-Qazax bölgəsində müşahidə olunacaq. Respublikanın əksər rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var. Belə hava şəraitinin yanvarın 18-i gündüzədək davam edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi açıqlamada deyib.
Departamentin direktoru bildirib ki, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Havanın dəyişməsi ilə əlaqədar bütün təşkilat və qurumlara xəbərdarlıqlar göndərilib.
O, həmçinin deyib: “Xəzər dənizi akvatoriyasında şiddətli küləyin əsəcəyi proqnozlaşdırılıb. Bu barədə əlaqədar təşkilatlara məlumat verilib. Xəzər dənizi akvatoriyasında küləyin maksimal sürətinin saniyədə 30-35 metr olacağı, açıq dənizdə saniyədə 38-40 metrədək güclənəcəyi gözlənilir. Güclü küləklə əlaqədar dalğalar yaranacaq. Dalğanın maksimal hündürlüyünün 6-8 metr və daha çox olma ehtimalı var”.
U.Tağıyeva sabah daha dəqiq məlumatların bütün qurumlara və kütləvi informasiya vasitələrinə təqdim olunacağını da diqqətə çatdırıb.