İQTİSADİYYAT


Umberto de Pretto: “Lapis-Lazuli” layihəsi regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək

Türkmənbaşı, 29 noyabr, Laçın Sultanova, AZƏRTAC

“Lapis-Lazuli” layihəsi çox böyük əhəmiyyətli bir layihə olaraq regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto bu sözləri “Lapis-Lazuli” nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin “Avaza” milli turizm zonasında keçirilmiş beynəlxalq konfransında söyləyib.

O deyib: “Bu marşrut üzrə səmərəli yükdaşımalar sistemi yaradılması və yükdaşımaların ləngidilməməsi üçün qanunvericilik səviyyəsində bütün tədbirlər görülməlidir. Viza dəstəklənməsi məsələləri prioritet məsələdir”.

Umberto de Pretto peşəkar sürücülər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmasını təklif edib. O deyib: “Bizdə təyyarəçilər və dənizçilər üçün mövcud viza sistemi yükdaşımaların sürətini artırır. Mən “Lapis-Lazuli” marşrutu üzrə hərəkət edəcək sürücülər üçün də buna oxşar sistem tətbiq olunmasını təklif edirəm. Axı, nəqliyyatı elektriklə müqayisə etmək olar – o da müqavimət az olan tərəfə gedir. Əgər “Lapis-Lazuli” marşrutu üzrə hərəkət etmək sadə olsa, bu, çoxsaylı tranziterləri cəlb edəcək”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri çərçivəsində böyük sənədlər paketi imzalanıb. O cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.

“Lapis-Lazuli” marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.