CƏMİYYƏT
Umeo və Tampere sakinləri Avropa İttifaqında ən təmiz hava ilə nəfəs alırlar
Stokholm, 18 iyun, AZƏRTAC
İsveçin Umeo və Finlandiyanın Tampere şəhərlərinin sakinləri Avropa İttifaqında (Aİ) ən təmiz hava ilə nəfəs alırlar.
AZƏRTAC xəbər verir ki, Aİ Ətraf Mühit Agentliyinin yeni hesabatı bunu təsdiq edir.
Agentliyin apardığı ölçmələr nəticəsində Aİ üzvü olan 26 ölkənin, habelə bu birliyə rəsmən daxil olmayan Norveç, İsveçrə və İslandiyanın 323 şəhərində havanın RM2.5 adlı ağır hissəciklərlə çirklənmə dərəcəsi barədə məlumat toplanıb. Ekspertlər bu nəticələri təhlil edərək, şəhərləri havanın keyfiyyətinə görə 3 kateqoriyaya ayırıblar. 73 şəhərdə bu göstərici pis və ya çox pis, 123 şəhərdə orta, qalan 127 şəhərdə yaxşı hesab edilib.
Avropa İttifaqında ən təmiz hava İsveçin Umeo və Finlandiyanın Tampere şəhərlərində qeydə alınıb. Sonrakı 3 yeri Portuqaliyanın Funşal, Estoniyanın Tallinn və Norveçin Bergen şəhərləri tutur.
Əhalisinin sayı 1 milyondan çox olan Aİ şəhərləri arasında ən yaxşı nəticə Stokholmda qeydə alınıb. İsveçin paytaxtı 9-ci yerdədir. Aİ Ətraf Mühit Agentliyi bu şəhərdə havanın keyfiyyətini yüksək qiymətləndirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm