CƏMİYYƏT


“Ümid yeri” uşaq evində Multimedia Mərkəzi açılıb

Bakı, 4 iyun, AZƏRTAC

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri sosial məsuliyyət proqramı çərçivəsində Binə qəsəbəsindəki “Ümid yeri” uşaq evində valideyn qayğısından məhrum olmuş uşaqlarla görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində uşaqlar üçün informasiya texnologiyaları üzrə baza biliklərinin yaradılması, texnologiyaların əhəmiyyəti haqqında təsəvvürün formalaşdırılması, təhsil proseslərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə AZINNEX tərəfindən təşkil olunmuş Multimedia Mərkəzinin açılışı olub.

Mərkəz müasir avadanlıqla, mebellərlə, həmçinin dərslərin elektron formatda keçirilməsi üçün böyük ekran, kompüter və printerlə təchiz olunub.

Dövlət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova bu təşəbbüsün əhəmiyyətindən, eləcə də Agentliyin bu cür tədbirlərə dəstəyindən söz açıb. Bildirilib ki, mərkəzdə mütəmadi olaraq ilkin peşə biliklərinin formalaşdırılması üçün təlimlər keçiriləcək.

Görüşdə iştirak edən AZINNEX-in Müşahidə Şurasının üzvləri Məhəmməd Zülfüqarlı və Cabir Cümşüdov uşaqlar üçün informasiya texnologiyalarının əhəmiyyəti, müasir trendlər, bu istiqamətdə gələcək peşə seçimləri barədə məlumat veriblər. Daha sonra uşaqların çoxsaylı sualları cavablandırılıb.

Tədbir zamanı, həmçinin “Step IT Academy” tərəfindən uşaqların maraqla qarşıladığı “robotics” üzrə təlim keçirilib. Təlimdə fəal iştirak edən 4 uşaq üzv şirkətlərin dəstəyi ilə Akademiyanın yay düşərgəsində iştirak edəcək.

Görüşdə AZINNEX nümayəndələri tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.