CƏMİYYƏT
Ümidverici müalicələr nəticəsində kistoz fibroz xəstələrinin ömrü uzanır VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Ölkəmizdə illik doğum sayı təxminən 150 minə yaxındır. Kistoz fibroz xəstəliyinin rastgəlmə tezliyi 5 mində birə bərabərdir. İldə bu xəstəliklə təxminən 30 nəfər doğulur. Lakin il ərzində bu sayda xəstə qeydə alınmır, onların bəziləri həyatını itirir. Hazırda bilinən xəstə sayı 50-yə bərabərdir. Hazırda Azərbaycanda 18 yaşdan yuxarı bir kistoz fibroz xəstəsi var.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, həmin xəstəlikdən əziyyət çəkənlər 1930-cu illərdə bir yaşadək yaşayırdılar. Hazırda ümidverici müalicələr nəticəsində onlar daha çox yaşayırlar.
"Xəstəliyin kliniki əlamətləri çox duzlu dəri, inadçı öskürək, tez-tez təkrarlanan ağciyər infeksiyaları, təkrarlanan sinus infeksiyaları, nazal polipoz, xışıltı və nəfəs darlığı, yaxşı iştahaya baxmayaraq, inkişafdan geriqalma, çəki artmaması, çoxsaylı və həcmli yağlı nəcis və ya bağırsaq peristaltikasında problemlərdir", - deyə E.Rəhimov qeyd edib.