CƏMİYYƏT


Umud Mirzəyev: Prezidentimizin simasında əzm və qətiyyət gördüm

Bakı, 18 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar rayona səfər edərək ictimaiyyət nümayəndələri ilə görüşüblər. Görüşdə iştirak edən Füzulinin tanınmış simaları arasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev də olub.

BAMF-ın prezidenti Umud Mirzəyev dövlətimizin başçısı və birinci xanımla görüşün təəssüratlarını AZƏRTAC-la bölüşüb.

Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə başda şəhid anaları olmaqla, bütün Azərbaycan xalqını, Ali Baş Komandanı, qazilərimizi, Azərbaycan Ordusunu təbrik edən U.Mirzəyev deyib: “Bu gün münasibətilə hər kəsə təbrik payı düşür. Çünki Füzuli bir açar idi və onun işğaldan azad olunması müharibənin sonrakı taleyini həll etdi. Hər kəs fərqində idi ki, artıq Azərbaycan Ordusunu dayandırmaq mümkün deyil, Silahlı Qüvvələrimiz qələbəyə doğru gedir. Füzuli ən ağır döyüşlərin getdiyi məkan idi. Ermənilərin ən çətin keçilə biləcək səngərləri, dillər əzbəri olmuş “Ohanyan səddi” burada qurulmuşdu, hərbi birləşmələri daha çox bu istiqamətdə yerləşmişdi. Füzulini itirmək Ermənistanın terrorçu hərbi birləşmələrinin belinin qırılması demək idi. Ali Baş Komandanımızın rəhbərliyi ilə hazırlanmış çox düzgün hərbi plan bizi möhtəşəm Qələbəyə apardı”.

BAMF prezidenti dövlətimizin başçısı ilə görüşü barədə də danışıb. Bildirib ki, dövlətimizin başçısı təxminən 30 nəfərlik bir heyətlə Füzulinin yenidən qurulmasının təməlini qoydu. Təbii ki, tədbirdə iştirak üçün xüsusi seçim aparılmışdı. İştirakçıların çoxu Azərbaycanın son 30 illik qanlı-qadalı dövründə çəkdiyi zəhmətlərin müqabilində seçilmişdi. Füzulidə keçirilən təməlqoyma mərasimində iştirak etdiyim üçün özümü şanslı sayıram. Belə bir tədbirdə iştirak etmək çox böyük xoşbəxtlikdir. Əlbəttə, Füzulinin 130 minlik əhalisinin hər biri orada olmağa, bizi Qələbəyə aparan Ali Baş Komandanla görüşməyə layiqdir. Bu qədər insanın arasından seçilmək çox böyük bir şans idi.

Umud Mirzəyev azad edilmiş ərazilərin, o cümlədən Füzuli şəhərinin, rayonunun yenidən qurulacağına, əvvəlkindən də yaxşı olacağına əminliyini bildirib. “Füzulinin bərpasının təməl daşı qoyuldu. Necə olacaq? Çox gözəl olacaq, buna əminəm. Mən səmimi keçən görüş zamanı Prezidentin sözlərində, simasında bir əzm, bir qətiyyət gördün. Bu əzm və qətiyyəti biz bir il əvvəl müharibə gedən zaman da görürdük. O zaman dövlətimizin başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə O, azad olunmuş torpaqları bərpa etmək, dirçəltmək əzmindədir. Əminəm ki, Prezidentin ortaya qoyduğu qətiyyət tezliklə öz bəhrəsini verəcək, Füzuli, Qarabağ sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar.

Görüşdə ağsaqqal sözü deyən, gənclər, mədəniyyət xadimləri adından çıxış edənlər oldu. Görüşdə mənə də çıxış etmək üçün imkan yaradıldı. Prezidentimizlə çox yaxın ünsiyyətimiz oldu. Mən də sözümü dedim, fikirlərimi çatdırdım. Qürurverici bir gün idi. Füzulinin layihəsi çox möhtəşəmdir. Bu layihə ilə bağlı demək olar bütün detalları çox diqqətlə nəzərdən keçirdim. Təməlqoyma mərasimində bir ovuc beton tökmək mənə də nəsib oldu”, - deyə BAMF-ın prezidenti bildirib.

U.Mirzəyev, həmçinin deyib: Bu gün Füzulidə çox böyük quruculuq işləri gedir. Beynəlxalq hava limanı, Şuşaya çox rahat yol inşa edilib, işıq, su və digər infrastruktur layihələri həyata keçirilir. Bunların hamısı bir füzulili olaraq məni çox qürurlandırır. İnşallah, ən böyük bayramımızı və ən böyük tədbirimizi yaxın günlərdə - noyabr ayında Şuşanın alınması ilə əlaqədar qeyd edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.