CƏMİYYƏT


Ümüd Səlimzadə: COVID-19-a yoluxub sağalmaqdansa, vaksinasiyadan keçib davamlı immunitet əldə etmək daha etibarlıdır

Bakı, 4 avqust, AZƏRTAC

Hazırda vətəndaşları bir sual daha çox düşündürür: təbii yolla virusa yoluxub sağalmaq yaxşıdır, yoxsa peyvəndlənmək? Bir həkim kimi cavabım, təbii ki, peyvənd olunmaqdır. Bunun iki əsas səbəbi var. Birinci səbəb bundan ibarətdir ki, əgər bir insan koronavirusa yoluxursa, bunun bir ştamına və ya bir mutasiyasına yoluxur. Lakin vaksinasiyadan keçirsə, orqanizm peyvənd istehsal olunan tarixə qədər çıxan bütün mutasiyaları orqanizm vaksin vasitəsilə qəbul edir. Yəni bir neçə mutasiya və ya ştama qarşı orqanizmin davamlı immuniteti yaranır. İkincisi, əgər bir vətəndaş təbii yolla yoluxub sağalandan sonra onda immunitet yaranacağını düşünürsə, bildirmək istəyirəm ki, onun orqanizminin xəstəliyə necə reaksiya verə biləcəyini təxmin etmək mümkün deyil. Nümunə üçün deyə bilərəm ki, yaşlı insanların bəzilərində koronavirusa yoluxma normal keçdiyi halda, bir qismində ağır fəsadlar verir. Bir müddət əvvəl COVID-19-un uşaqlarda və cavanlarda çox rahat keçdiyini demək olurdu, lakin “delta” ştamında bunun əksini görürük. Xüsusən Almaniya təcrübəsindən deyə bilərəm ki, son dövrlərdə “delta” ştamına yoluxanlar arasında gənclər daha üstünlük təşkil edirlər. Bu da bir daha onu göstərir ki, virusa yoluxub sağalmaqdansa, vaksinasiyadan keçib davamlı immunitet əldə etmək daha etibarlı və ağıllı yoldur.

AZƏRTAC xəbər verir ki, bunu həkim Ümüd Səlimzadə deyib.

Həkimin sözlərinə görə, son dövrlər Azərbaycanda bəzi məhdudiyyətlərin ləğvindən sonra COVID-19-a yoluxanların sayındakı artım gözlənilən idi: “İyunun 29-dan etibarən hər gün müntəzəm olaraq koronavirusa yoluxanların sayının xəstəlikdən sağalanlardan daha çox olduğunu görürük. Toy şənliklərinə icazə verilməsi və istirahət mövsümü fonunda belə bir artımın olması gözlənilən idi. Lakin peyvəndləmə siyasətində iki mühüm addım atıldı. Birincisi, mayın sonlarında COVID pasportu mövzusunun gündəmə gəlməsi oldu. İkinci mühüm addım iyulun sonlarında atıldı və istirahət mərkəzləri, ictimai iaşə obyektləri, restoranlar, kafelərə girişin mütləq dərəcədə COVID pasportu ilə mümkün olacağı qərarı açıqlandı. Bu iki addım nəticəsində epidemioloji durumunun çox da sərt olmayacağı payız mövsümü gözləyirik. Bundan əlavə, indiki yoluxma saylarını əvvəlkindən daha şəffaf hesab edirəm. Çünki əvvəlki dövrlərdə vətəndaşlar test olunmaqdan müəyyən qədər çəkinirdilər. COVID pasportu və immun sertifikatı məsələlərinin gündəmə çıxması vətəndaşların koronavirus əlamətləri hiss edən, yoluxan kimi dərhal PZR test olunmasına səbəb oldu. Test nəticəsi müsbət çıxanlar altı aylıq immun sertifikatı əldə edirlər. Ona görə də düşünürəm ki, bugünkü rəqəmlər şəffaf rəqəmlərdir, lakin qorxulu deyil. Yoluxma sayının artmasına baxmayaraq, yanaşı olaraq peyvəndləmə də getdiyindən hospitalizasiya olunan və reanimasiya şöbəsində müalicə alan xəstələrin sayında ciddi artım olduğunu deyə bilmərik.

İyulun 26-da verilən qərardan sonra peyvəndləmədə ikinci dalğanın sürət götürdüyünü görürük. Peyvənd olunanların sayı 80 min və ondan yuxarı olur. Bazar günləri yalnız mobil peyvənd mərkəzləri fəaliyyət göstərdiyindən vaksinasiya olunanların sayının az olduğunu müşahidə edirik. Ümumiyyətlə, gündəlik vaksin olunanların sayı 80 min olarsa, avqustun sonuna 2,4 milyon əlavə peyvəndlənmə görə bilərik. Bu da çox yaxşı nəticədir. Ölkəmizdə 18 yaşdan yuxarı vətəndaşların sayı təqribən 7 milyondur. Onlardan təxminən 3 milyonu birinci dozanı qəbul edib. Bu da yavaş-yavaş 50 faizlik limitə yaxınlaşdığımızı göstərir. Peyvəndləmə tempi bu sürətlə davam edərsə, avqustun sonunda epidemioloji vəziyyətdə bir sakitləşmə görə bilərik. O cümlədən qarşıdan gələn payız mövsümü çox çətin keçməyə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.