CƏMİYYƏT


Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycan ilə əqli mülkiyyət sahəsində əməkdaşlığın möhkəmlənməsində maraqlıdır

Bakı, 27 iyun, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ölkəmizə rəsmi səfərinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanova ünvanlandığı məktubunda bildirir ki, ÜƏMT Azərbaycan ilə əqli mülkiyyət sahəsində əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

F.Qarri daha sonra vurğulayır: “2018-ci il iyunun 4–dən 6-dək Azərbaycana səfərimin təşkilinə kömək və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm... Mən ÜƏMT və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm”.

O, həmçinin qeyd edib ki, səfər zamanı professor K.İmanovla aparılan söhbətlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nailiyyətləri və ÜƏMT ilə agentlik arasında əməkdaşlığın daha da genişləndirilə biləcəyi sahələr barədə yaxşı təsəvvür yaratmağa imkan verib. “Xüsusilə də, mən ÜƏMT-in Azərbaycan Respublikasının işgüzar, elm və təhsil dairələri ilə universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin hazırlanmasına dəstək üçün əməkdaşlığa hazır olduğunu vurğulamaq istərdim”, - deyə F.Qarri bildirib.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, professor K.İmanov F.Qarrinin Azərbaycana səfəri barədə danışarkən bu səfəri əhəmiyyətli hadisə kimi dəyərləndirib. O deyib: “ÜƏMT-in baş direktoru F.Qarrinin Azərbaycana səfərini əhəmiyyətli hadisə kimi qəbul edirik. Səfər zamanı Azərbaycan hökumətinin proqramına uyğun olaraq, doktor Frensis Qarri ilə yüksək səviyyəli görüşlər keçirilib, bir sıra vacib sənədlər imzalanıb”.

Qeyd edək ki, ÜƏMT-in baş direktoru Bakıda Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov tərəfindən qəbul edilib, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla danışıqlar aparıb, həmçinin təhsil naziri Ceyhun Bayramov, xarici işlər naziri Elmar Məmmədyarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nəzdindəki Yüksək Texnologiyalar Parkında nazir Ramin Quluzadə ilə görüşlər keçirib.

Bu görüşlərdə əsas müzakirə mövzuları Azərbaycan və ÜƏMT arasında əlaqələrin genişlənməsi, perspektivli sahələrdə, o cümlədən innovativ üsullardan bəhrələnərək kiçik və orta sahibkarlığın inkişafına təkan vermək, yeni startapların yaranmasını təşviq etməklə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi olub. Müzakirə edilən məsələlər Ə.Əhmədovla görüşdə imzalanmış Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əməkdaşlıq üzrə yeni anlaşma memorandumunda əks olunub. O cümlədən bu sənəddə aşağıdakı istiqamətlərdə birgə fəaliyyətləri inkişaf etdirmək nəzərdə tutulub:

- Azərbaycan Respublikasında milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi;

- əqli mülkiyyət sistemindən istifadə etmək məqsədilə universitetlərin və elmi-tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, xüsusilə kiçik və orta həcmli müəssisələrin (KOM) potensialının artırılması;

- Blokçeyn texnologiyasına əsaslanan platformaların hazırlanması və onun tətbiqi də daxil olmaqla, rəqəmsal mühitdə müəllif hüquqlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata keçirilməsi;

- kreativ iqtisadiyyatın davamlı inkişafı və onun ÜDM-dəki payının artırılması üzrə tədbirlərə dəstəyin gücləndirilməsi;

- folklor ifadələri (ənənəvi mədəni ifadələr) və ənənəvi biliklər də daxil olmaqla, qeyri-maddi mədəni irsin sistemləşdirilməsi, identifikasiyası, qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;

- saxtamalçılığa və piratçılığa qarşı mübarizə tədbirləri də daxil olmaqla, əqli mülkiyyət hüquqlarının təminatı sisteminin gücləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və s.

K.İmanov onu da deyib ki, F.Qarri “Azərbaycanın dostu, ÜƏMT ilə Azərbaycan əlaqələrinin nəzərəçarpan dərəcədə genişlənməsində danılmaz rolu olan, əqli mülkiyyət sahəsinin ən nüfuzlu peşəkarlarından, alimlərindən sayılır”.

Professor K.İmanov F.Qarrinin “gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi və əqli mülkiyyəti idarə etməsi qaçılmazdır” fikrini xatırladaraq qeyd edib ki, bu, “F.Qarrinin öncədən gördüyü əqli mülkiyyətin gələcək təkamülünün konturlarını müəyyənləşdirir”.

Onun sözlərinə görə, bu təkamül texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsiri və “öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması” yolu ilə inkişaf edəcək.

K.İmanov onu da vurğulayıb ki, “əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır, çünki ölkəmiz yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur”. O deyib:“Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan, “Made in Azerbaijan” brendini təşviq edən və qısa vaxtda böhran vəziyyəti arxada qoyaraq iqtisadiyyatının dinamik artımını nümayiş etdirən dövlətimiz qeyri-neft sektorunda 2018-ci ilin dörd ayında 11 faiz irəliləyiş əldə edib və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, rəqabətqabiliyyətliliyə görə dünyada bir sıra inkişaf etmiş ölkələri üstələyərək 35-ci yeri tutub”.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin sözlərinə görə, yaşadığımız “biliklər cəmiyyətində”, texnologiyaların sıçrayışı və rəqəmsal innovasiyaların “rəqəmsal imperativ” tələbi dövründə “innovativ inkişaf tədqiqatları nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir”.

Burada professor K.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini xatırladıb: “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir” və “Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”.

K.İmanov deyib ki, “bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun “İnklüziv inkişaf indeksi – 2018”-ə əsasən ölkəmiz inkişaf edən ölkələr arasında üçüncü yeri tutur. Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” altgöstəricisi üzrə Azərbaycan 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib”.

O bildirib ki, “ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı beş faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz aşağı düşüb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.