CƏMİYYƏT
Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 12 oktyabr, Əziz Məmmədov, AZƏRTAC
Ötən il akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 221, cari ilin 9 ayı ərzində isə 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə əlaqədar stasionar müalicə alıblar.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər oktyabrın 12-də RKX-da Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə qeyd edilib ki, artrit - oynaqda yaranan iltihabi prosesdir. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur.
Dünyada 10 milyonlarla insanlar artritlərin müxtəlif növlərindən əziyyət çəkirlər. Son 20 ildə xəstələrin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Ancaq əksər hallarda yaşlı adamlarda daha çox rast gəlinir. Artritlər iltihabi və degenerativ olmaqla 2 yerə bölünürlər. İltihabi artritlərə revmatoid artrit, infeksiont, reaktiv artrit, podaqra aiddir, degenerativ artritlər isə travmatik artrit və osteoartrozdur.
Kliniki olaraq artritlər kəskin, yarım kəskin, xroniki inkişafa malikdirlər. Lokalizasiyasına görə: monoartrit (bir oynaq), oliqoartrit (2-3 oynaq) və poliartrit (3-dən çox oynaq) fərqləndirilir.
Birincili artritlərə vərəm, qonoreya, dizenteriya, virus və s. mənşəli revmatoid artrit, revmatik poliartrit, ankilozlaşan spondiloartrit, psoriatikartrit; ikincili artritlərə osteomielit, sarkоidoz, qan və ağciyər xəstəlikləri səbəb ola bilərlər.