İQTİSADİYYAT
Ümumdünya Ərzaq Günündə Moskvada Azərbaycan şərablarının dequstasiyası təşkil ediləcək
Moskva, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) nəzdində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İnformasiya Mərkəzində Ümumdünya Ərzaq Gününə həsr edilmiş təntənəli tədbir keçiriləcək.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, tədbir çərçivəsində Azərbaycanın ən yaxşı şərablarının dequstasiyası keçiriləcək. Dequstasiya Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq.
Ümumdünya Ərzaq Günü BMT-nin təqvimində ən geniş miqyasda qeyd olunan əlamətdar günlərdən biridir. Bu il həmin tarix FAO-nun təsis olunmasının 73-cü ildönümü ilə eyni günə düşür.
MDBMİ-də keçirilən təntənəli tədbirdə FAO-nun məqsədlərinin reallaşdırılmasına beynəlxalq birliyin, BMT qurumlarının, dövlət strukturlarının, özəl biznesin və Rusiya vətəndaş cəmiyyətinin töhfəsi məsələləri müzakirə olunacaq.
Tədbirdə dövlət strukturlarının nümayəndələri, akademik və pedaqoji birliklərin üzvləri, habelə bir sıra ictimai təşkilatların və sahəvi ittifaqların təmsilçiləri iştirak edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva