CƏMİYYƏT
Ümumdünya Ətraf Mühit Günü: Plastik kütlə ilə çirklənmələrə qarşı mübarizə

Bakı, 5 iyun, AZƏRTAC
Hər il dünyada 400 milyon tondan çox plastik kütlə istehsal olunur və onların üçdəbiri cəmi bir dəfə istifadə edilir. Hər gün okeanlara, çaylara və göllərə 2 min zibildaşıyan maşın həcmində plastik kütlə atılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar müraciətində xatırladıb.
“Çirkləndirmə fəlakətli fəsadlar törədir. Plastik kütlənin mikrozərrəcikləri yediyimiz qidaya, içdiyimiz suya, nəfəs aldığımız havaya düşür. Plastik kütlə mədən yanacağından istehsal edilir. Plastikin həcmi nə qədər çox olursa, mədən yanacağı daha çox yanır və iqlim böhranı daha da kəskinləşir. Lakin bəşəriyyətin həll yolu mövcuddur: ötən il dünya birliyi plastik kütlə ilə çirklənmələrə son qoya biləcək məcburi hüquqi qüvvəyə malik olan sazişin bağlanması barədə danışıqlara başlayıb”, - deyə BMT Baş katibi xəbərdar edib.
“Bu, çox ümidlər verən ilk addımdır. Lakin biz hamının və hər kəsin iştirakına nail olmalıyıq. Əgər bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatına müvafiq olaraq plastikdən istifadədən uzaqlaşmaq çərçivəsində təkrar istifadəni, təkrar emalı, səmti dəyişməyi və şaxələndirməni təmin etsək, o halda plastik kütlə ilə çirklənməni 2040-cı ilədək 80 faiz azaltmaq mümkündür”, - deyə Quterreş hesab edir.
BMT-nin Baş katibi bəşəriyyətin plastikdən asılılığını aradan qaldırmaq, tullantıların səviyyəsinin sıfıra endirilməsinə kömək etmək və dövri iqtisadiyyat yaratmaq üçün hökumətləri, şirkətləri və istehlakçıları öz səylərini birləşdirməyə çağırıb. “Gəlin, birlikdə hamı üçün daha təmiz, sağlam və davamlı gələcək quraq”, - deyə o müraciətinə yekun vurub.