CƏMİYYƏT


Ümumdünya Ətraf Mühit Günü çərçivəsində “dəyirmi masa” keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə “Həsən Əliyev və Azərbaycanda ətraf mühitin dayanıqlı inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali məktəb tələbələrinin iştirak etdiyi görüşdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb, eyni zamanda ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər və s. mövzularda tədbir iştirakçılarına informasiya verilib.

Tədbir görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən dəyirmi masada bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, tərənnümünə və mühafizəsinə həsr etmiş, bu misilsiz sərvətin yeni nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə əvəzsiz xidmətlərindən də danışılıb.

Həmçinin müzakirələrdə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilərək dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti də diqqətə çatdırılıb.

Xatırladaq ki, 5 İyun -Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.