CƏMİYYƏT


Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar 5 hektar ərazi məişət tullantılarından təmizlənib

Bakı, 5 iyun, AZƏRTAC

5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 kubmetrə qədər məişət tullantısından təmizlənib.

İməciliyin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Hər il 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi də diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada qeyd olunmağa başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.