CƏMİYYƏT
Ümumdünya Ətraf mühitin mühafizəsi günü münasibətilə ploqinq aksiyası keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın (DANMA) təşkilatçılığı ilə Ploqinq aksiyası keçirilib.
İlk dəfə 2016-cı ildə İsveçdə başladılan aksiya iki sözün birləşməsindən əmələ gəlib: jogging (qaçış) və İsveç dilində yığmaq, “plocka upp” ifadəsini özündə cəmləşdirir.
Qaçışın yeni bir növü olaraq ətraf mühitin çirklənməsinə qarşı həssaslıq, qaçarkən bükülmə, dartınma kimi hərəkətlərlə aktiv qalmaq və eyni zamanda, sosiallaşmağı özündə cəmləyir.
Alyansdan AZƏRTAC-a bildirilib ki, Yasamal rayonu ərazisində MİDA evlərinin yaxınlığındakı iynəyarpaqlı ağac sahəsində keçirilən aksiyada DANMA üzvləri və komandaya yeni qoşulan şəxslər iştirak edib.
Tədbirin bu əraziyə salınması heç də təsadüfi deyil, bir neçə ay öncə yerli sakinlər DANMA sosial şəbəkə ünvanlarına ərazinin kütləvi tullantı ilə doldurulduğunu, ağacların kəsilməsi faktı barədə məlumat vermişdi. DANMA olaraq aksiyanın həmin əraziyə təyin olunmasında məqsəd ictimaiyyətin diqqətini əraziyə cəlb etməkdir. Aksiya zamanı iştirakçılara sağlam qida təbliği məqsədilə qatqısız, sağlam tərkibli ev üsullu şirniyyatlar, meyvə və su təklif olunub.
Layihənin tərəfdaşı olan “Təmiz Şəhər” ASC-nin əməkdaşları da aksiyada fəal iştirak edərək tullantı toplanmasında kömək ediblər. Daha sonra toplanan tullantılar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna yola salınıb.
Nəzərinizə çatdıraq ki, layihə DANMA-nın təşəbbüsü ilə başladılan “#greenweekend” (yaşıl həftəsonu) tədbirlər silsiləsi çərçivəsində keçirilib.