İQTİSADİYYAT
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
Bakı, 19 aprel, AZƏRTAC
Gələn il Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi Azərbaycanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan Prezidenti İlham Əliyevə yenidən ölkə başçısı seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunda bildirir.
K.Mikuriya məktubunda qeyd edib ki, artıq bir neçə ildir Azərbaycan ÜGT-nin fəal üzvüdür: “İnanıram ki, Sizin strateji xəttin davamlı olaraq reallaşması sayəsində Azərbaycan bu təşkilatla beynəlxalq ticarət prosedurlarının asanlaşdırılması və təhlükəsizliyinin təmin olunması sahəsində sıx əməkdaşlıq edəcək və dünya ölkələrinin bu sahədə uğur qazanmaları istiqamətində birgə səylərini davam etdirəcək”.
Həmçinin Kunio Mikuriya məktubunda 2019-cu ildə ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisinin Azərbaycanda keçirilməsinə razılıq verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirir.
Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.