CƏMİYYƏT
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycana elmi və texniki dəstək verməyə hazırdır VİDEO
Paris, 30 mart, AZƏRTAC
On ildən çoxdur ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) ilə Azərbaycan arasında sıx əməkdaşlıq var. Azərbaycan qida təhlükəsizliyi sistemini yaradıb. Qida Təhlükəsizliyi Agentliyi heyvan və bitki mənşəli qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən müxtəlif xidmətlər arasında ən yaxşı əlaqələndirici olacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Monik Elua söyləyib.
Bildirib ki, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı qida təhlükəsizliyi sahəsində tərəqqinin davamlı olması üçün Azərbaycana elmi və texniki dəstək verməyi davam etdirməyə hazırdır.
“Qida Təhlükəsizliyi Agentliyinin sədri ilə görüş məhsuldar oldu və bu, birgə əməkdaşlığın davamından xəbər verir. Danışıqlar zamanı ekspert mübadiləsinin əhəmiyyətinə toxunuldu. Müstəqil ekspertlərin Azərbaycana missiyasının təşkil edilməsi ilə bağlı müzakirələr apardıq. Missiyanın sonunda ekspertlər hesabat hazırlayacaqlar. Onlar ölkədə qida təhlükəsizliyi sahəsində fikirlərini bildirəcəklər. Bu hesabat Azərbaycan məhsullarını idxal etmək istəyən Avropa ölkələri üçün qarantiya ola bilər. Müstəqil ekspertlərin ölkədə qida təhlükəsizliyinin vəziyyəti ilə bağlı fikirləri çox önəmlidir. Bu gün heyvan mənşəli məhsulların ixracı üçün təkcə keyfiyyət amili kifayət etmir, ölkəyə etibar edilməlidir. Müstəqil ekspertlərin hesabatları belə etibarın yaranmasında böyük rol oynayacaq”, - deyə Monik Elua bildirib.
Qeyd edib ki, ölkəyə təşkil olunacaq ekspertlər missiyası prioritet sahələrin, eləcə də strateji fəaliyyətin müəyyən edilməsinə yardım edə bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris