MƏDƏNİYYƏT
Ümumdünya İrs Mərkəzinin direktoru Bakı sessiyası ilə əlaqədar “Euronews” telekanalına müsahibə verib
Bakı, 30 iyun, AZƏRTAC
UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, irs üzrə tanınmış mütəxəssislər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler Bakı sessiyası ilə bağlı “Euronews” telekanalına müsahibə verib.
Tədbir çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. O deyib: “Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə yüksək səviyyədə diqqət və qayğı ilə yanaşır”.
Sessiyanın proqramı barədə danışan Mextild Rossler bildirib ki, Bakıda UNESKO-nun Ümumdünya İrs Siyahısındakı obyektlərin qorunub saxlanılması vəziyyəti, siyahıya daxil edilmək üçün təqdim edilmiş 36 fayl, təhlükə altında olan obyektlərlə bağlı müzakirələr aparılacaq. “Biz qədim yaşayış məskənlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyik. Dünya irsi siyahısındakı obyektlərin qorunub saxlanılmasında çətinliyi olan ölkələrə dəstək verəcəyik”, - deyə Ümumdünya İrs Mərkəzinin direktoru əlavə edib.