CƏMİYYƏT


Ümumdünya Maskadan İstifadə Həftəsi keçirilir

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsinə start verilib.

ÜST-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 14-dək keçiriləcək həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaqdır.

Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. Koronavirusa qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk. “Təmiz Əllər”, “Evdə qal, sağlam qal” kampaniyalarında olduğu kimi, burada da məqsəd insanlara virusun ötürülmə zəncirini qırmağın hər kəsin məsuliyyəti olduğunu xatırlatmaqdır.

Ümumdünya Səhiyyə Təşkilatı bu həftə çərçivəsində yeni "#MaskaTax" kampaniyasını başladıb və insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaşmağa həvəsləndirir.

Təkcə maska istifadə etməklə COVID-19-a yoluxmanın qarşısını almaq mümkün deyil. Bununla yanaşı, fiziki məsafəni qorumaq, əlləri tez-tez yumaq, insanların sıx toplaşdığı məkanlarından uzaq durmaq və respirator gigiyenaya riayət etmək tövsiyə olunur. Bu yolla həm özünüzü, həm də digərlərini qoruya bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.