SİYASƏT
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu aktual məsələlərin müzakirəsi baxımından mühüm platformadır
Bu fikir Azərbaycan xarici işlər nazirinin keçirdiyi görüşlərdə səsləndirilib
Bakı, 5 may, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycan və Keniya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirdi.
Həsən Vario Arero paytaxt Bakının gözəlliyinə və Azərbaycanın inkişafına valeh olduğunu dedi. O, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu və müasir dünya üçün aktual məsələlərin müzakirəsi baxımından mühüm platforma rolunu oynadığını bildirdi.
Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın iqtisadi inkişafı, gənclər və idman siyasəti haqqında məlumat verdi.
Tərəflər enerji, turizm, idman, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardılar.
x x x
Nazir Elmar Məmmədyarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rəhbəri Mario Lubetkin ilə də görüşüb.
Görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edildi və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edildi.
Söhbət zamanı, həmçinin “Bakı prosesi”nin əhəmiyyəti qeyd olundu və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıldı.
Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğuladılar.
x x x
Azərbaycanın xarici işlər naziri, həmçinin NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem ilə görüşüb.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin hazırkı durumu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Tacan İldem NATO-nun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğunu qeyd etdi. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Əməliyyatına, eləcə də Əfqan Ordusu üzrə Etimad Fonduna verdiyi töhfələrinin, ikitərəfli əsasda Əfqanıstanda davamlı inkişafa dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.
Görüşdə tərəflər Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi və digər proqramlarında iştirakına dair fikir mübadiləsi apardılar və bu istiqamətdə əldə edilmiş nailiyyətləri təqdir etdilər.
T.İldem IV Qlobal Forumun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və fikir mübadiləsi baxımından vacib platforma olduğunu dedi.
x x x
Elmar Məmmədyarovun daha bir görüşü ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer ilə olub.
Görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinın hazırkı vəziyyəti, habelə ABŞ-dakı yəhudi icması ilə ölkəmiz arasında qurulmuş uğurlu əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Mark Şnayer Azərbaycanda tarixən mövcud olan dini dözümlülüyü yüksək qiymətləndirdi və yəhudilərin burada özlərini rahat və təhlükəsiz hiss etdiyini diqqətə çatdırdı. O, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində Azərbaycanın rolunu xüsusi vurğuladı.
x x x
Nazir Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle Vork Zevdeninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Görüşdə Azərbaycan və BMT arasında əlaqələrin inkişaf səviyyəsi, həmçinin BMT-nin ofisləri ilə əməkdaşlıq yüksək qiymətləndirildi.
Sahle Vork Zevde IV Mədəniyyətlərarası Dialoq Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü ifadə edərək, Forum çərçivəsində keçirilmiş görüşlərin Azərbaycanla BMT-nın Nayrobi ofisi arasında əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdiyini bildirdi.
Görüşdə, həmçinin Afrika qitəsinin Azərbaycan üçün yeni imkanlar vəd edən bir region olduğu və iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər olduğu qeyd edildi.
x x x
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi və təşkilin ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyi qeyd edildi. UNESCO ilə ölkəmiz arasında əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rolu yüksək qiymətləndirildi.
UNESCO-nun səfirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumdakı məzmunlu çıxışını və səsləndirdiyi fikirlərini təqdir etdilər.
Nazir Elmar Məmmədyarov Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinə toxunaraq seçiləcəyi təqdirdə onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirdi.