CƏMİYYƏT
Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar veloyürüş keçiriləcək
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 7-də saat 12:00-da Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Velopark”da “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçiriləcək.
Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.
Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edəcəklər.
Qeyd edək ki, Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir.