İDMAN
Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız növbəti turu qələbə ilə başa vurublar
Bakı, 30 iyul, AZƏRTAC
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən ikinci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov) Filippin yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız Qədir Hüseynov və Nicat Abasov rəqibləri üzərində qələbə qazanıb, Vasif Durarbəyli isə heç-heçə edib. Komandamızın digər üzvü Rauf Məmmədovun oyunu davam edir. Bu nəticə (2,5:0,5) komandamız artıq qələbəni təmin edib.
Qadın yığmamızın (Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva) isə Finlandiya şahmatçıları ilə mübarizəsi davam edir.
Birinci turda kişi şahmatçılarımız Əlcəzair, qadın zəka sahiblərimiz isə Birləşmiş Ərəb Əmirliklərinin yığmalarını maksimum xalla məğlub ediblər.
Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparır.
İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.