İDMAN


Ümumdünya Şahmat Olimpiadasında ikinci divizionun oyunları start götürüb

Bakı, 14 avqust, Leyla Qurbanova, AZƏRTAC

Avqustun 14-də Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunun oyunları start götürüb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə 5 qrupda 50 komanda mübarizə aparır. Olimpiada çərçivəsində artıq həlledici oyunlar başlayıb. Ancaq aşağı divizionlardan 2-ci diviziona vəsiqə qazanmış komandalar çətin ki, bu divizionun iddialı komandalarının önündə duruş gətirə bilsinlər. Xatırladaq ki, Tailand 4-cü diviziondan 2-ci diviziona irəliləyən yeganə komandadır.

Belə ki, A qrupunda (Almaniya, Belarusiya, İndoneziya, Filippin, Bolqarıstan, Banqladeş, Avstraliya, Türkmənistan, Belçika, Qırğızıstan) almanlar qadın lövhələrində xüsusilə güclüdürlər. Yekunda Almaniyanın ilk üçlükdəki yerlərdən birində olmaması böyük sürpriz olacaq. Digər güclü komanda Belarus yığmasıdır. Bu qrupda üçüncü yerə Asiya komandalarından birinin - İndoneziya və ya Filippinin çıxacağını güman etmək olar.

B qrupunda (Rumıniya, Yunanıstan, İsrail, Slovakiya, Latviya, Avstriya, Moldova, Sinqapur, IPCA, Tailand) mübarizə aparan tailandlı şahmatçılar bütün bu günlər ərzində, yəqin ki, oyunlara ciddi hazırlaşıblar. Mükəmməl nəticə göstərmək həqiqətən çətin olacaq, amma Rumıniya, Yunanıstan, Moldova kimi güclü komandalardan öyrənmək üçün böyük şans var. Avropa komandaları bu siyahıda favorit kimi görünürlər. Belə ki, Rumıniya komandası heyətindəki çox güclü qadın şahmatçılar və dünyanın ən yaxşı gənc zəka ustalarından olan Boqdan-Daniel Deak sayəsində fərqlənir. Yunanıstan və İsrailin də çox balanslı oyunçuları var.

Hollandiya, İspaniya, İtaliya, Sloveniya, Şimali Makedoniya, İsveçrə, Portuqaliya, Albaniya, İordaniya, Estoniyanın yer aldığı C qrupunda Şimali Makedoniya, İsveçrə və Sloveniya ilk üçlükdə qərarlaşmaq üçün yaxşı şanslara malikdir.

Qardaş ölkə Türkiyə, o cümlədən İsveç, Xorvatiya, Serbiya, Danimarka, Norveç, Çili, İslandiya, Qvatemala və İrlandiyanın mübarizə apardığı D qrupunda isə 3-cü diviziondan bu mərhələyə adlamış danimarkalıları xüsusi qeyd etmək lazımdır. Amma heyətində bacarıqlı oyunçuların yer aldığı bu komandanın Türkiyə və İsveçə qarşı mübarizəsi çox çətin olacaq. Bu qrupda Xorvatiya və Serbiya komandalarını da unutmaq olmaz. Təəssüf ki, Maqnus Karlsen Norveç millisində oynaya bilməyəcək. Dünya çempionu hazırda digər nüfuzlu yarışın - “Maqnus Karlsen turu”nun finalında mübarizə aparır.

Nəhayət, E qrupunda (İngiltərə, Macarıstan, Kolumbiya, Ekvador, Argentina, Boliviya, Şotlandiya, Monteneqro, Meksika, Kosta Rika) Avropanın ən güclü komandalarından olan İngiltərə yer alır. Bu qrupda Macarıstan da çox güclü görünür. Eyni zamanda, Kolumbiya və Ekvadorun da şansları yaxşıdır.

İkinci divizionun oyunları avqustun 16-dək davam edəcək. Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları keçirilib.

Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.