İDMAN
Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi arena yarışa hazırdır
Bakı, 26 avqust, AZƏRTAC
Sentyabrın 1-də Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 26-da gənclər və idman naziri Azad Rəhimov və Əməliyyat Komitəsinin üzvləri yarışın keçiriləcəyi “Baku Cristal Hall”da hazırlığın gedişi ilə tanış olublar.
Olimpiadanın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib. Oyun zalına, mətbuat mərkəzinə, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra idmançıların qarşılanması və açılış mərasimi ilə bağlı məsələlər müzakirə edilib.
Xatırladaq ki, Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında 182 kişi və 142 qadın komandası mübarizə aparacaq.