REGİONLAR


Ümumdünya Şahmat Olimpiadasının rəsmi nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak etmək üçün muxtar respublikaya gələn Olimpiadanın rəsmi nümayəndələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və nümayəndə heyəti sonra Heydər Əliyev Muzeyi ilə tanış olub. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılıb, 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Bu muzey Ümummilli Liderin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, Ulu Öndərin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı bir diyarda yaradılmaqla yanaşı, həm də dahi şəxsiyyət haqqında çox zəngin və nadir materialların - eksponatların kifayət qədər çox olması ilə seçilir. Belə ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat toplanıb.

Qeyd olunub ki, muzey Ümummilli Liderin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları və stendləri Ulu Öndərin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Əksəriyyəti ilk dəfə bu muzeydə nümayiş olunan sənədlər, materiallar böyük azərbaycanlının həyat salnaməsindən – gördüyü çoxcəhətli şərəfli və mürəkkəb vəzifələrin yerinə yetirilməsindən bəhs edir. Xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti – Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi əhəmiyyətli qərarlar, sərəncamlar və sənədlər fotolar, filmlər, albomlar vasitəsilə yüksək keyfiyyətdə nümayiş olunur.

Vurğulanıb ki, 2023-cü ildə 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər ölkəmizdə idmanın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirib. Bu islahatların uğurla davam etdirilməsi nəticəsində idmanın müxtəlif növləri kütləvi xarakter alıb, Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası mötəbər idman yarışlarına ev sahibliyi edir.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.