DÜNYA


Ümumdünya Səhiyyə Təşkilatı genomları manipulyasiya edilmiş körpələrlə bağlı ekspert qrupu yaradacaq

Cenevrə, 10 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus xəstəliklərin müalicəsi üçün hüceyrələrdə genomların manipulyasiyasını qeyd-şərtsiz qadağan edilməsini hələlik düzgün addım hesab etmir.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq qurum bu məqsədlə yaxın zamanlarda mütəxəssislərdən ibarət qremiya yaradacaq. Belə bir qremiyanın yaradılmasına ehtiyac isə bu ilin noyabrında Çində süni mayalanma zamanı genomları manipulyasiya edilən və bu yolla QİÇS xəstəliyinə qarşı immunlaşmış əkiz körpələrin doğulması ilə bağlı müzakirələr səbəb olub. Təşkilat barəsində mübahisələr gedən texnikanın bütün aspektlərini araşdırmaq üçün mütəxəssislərin elmi və əxlaqi əsaslara söykənən rəyinə istinad etmək istəyir.

Baş direktor qeyd edib ki, genom redaktəsi nəticəsində bir sıra etik, sosial və təhlükəsizlik sualları meydana çıxır. Buna görə də mütəxəssislərin bütün bu sualları nəzərdən keçirməsi və belə bir metodun necə tətbiq edilməsi barədə düşünməsi vacibdir. Bu zaman əsas sual isə ümumiyyətlə, bu kimi metodlara müraciət etməyə gərək olmasını müəyyənləşdirməkdir.

Qeyd edək ki, ötən ay Çində Lulu və Nana adlı ekizlərin genomlarının hələ süni mayalanma zamanı embrion mərhələsində manipulyasiya edilməsi və onların QİÇS törədicilərinə yoluxmasına qarşı immunlaşması barədə xəbərlər yayılmışdı. Bu xəbər böyük səs-küyə səbəb olmuş və “dizayner körpələri” layihəsi ciddi tənqid olunmuşdu.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.