DÜNYA
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus əleyhinə vaksinin Afrikada sınaqdan keçirilməsi təklifini pisləyib
Madrid, 7 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Hebreyesus koronavirus əleyhinə vaksinin Afrikada sınaqdan keçirilməsini təklif edən iki fransız alimin bəyanatlarını qətiyyətlə pisləyib və onları "irqçi fikirlər" və "müstəmləkə mentalitetinin qalığı" adlandırıb.
AZƏRTAC xəbər verir ki, DST-nin Baş direktoru mətbuat konfransında deyib: "Bu cür irqçi fikirlər heç bir işə yaramır. Bunlar həmrəylik ruhunu qırır. Afrika hər hansı vaksin üçün sınaq meydanı ola bilməz və olmayacaq. XXI əsrdə alimlərin belə bəyanat vermələrini eşitmək rüsvayçılıq və dəhşətdir".
Mübahisə ötən çərşənbə Fransanın LCI televiziyasının birbaşa yayımında başlayıb. Yayımda səhiyyə üzrə "Inserm" elmi-tədqiqat qrupunun rəhbəri Kamil Loht və Kohin xəstəxanasının (Paris) intensiv terapiya və reabilitasiya xidmətinin rəhbəri Jan-Pol Mera söhbət ediblər.
Onların bəyanatları Afrikada böyük qəzəblə qarşılanıb və sosial şəbəkələrdə "Biz hind donuzu, yaxud laboratoriya siçovulları deyilik" kimi etirazlara yol açıb. Afrika mənşəli iki futbolçu – kamerunlu Samuel Eto`o və Kot-d`ivuarlı Didye Droqba buna ilk reaksiya verənlər sırasında olublar.
Bir neçə saat keçəndən sonra Afrika liderləri də hiddətlərini bildiriblər.
Bu bəyanatlardan iki gün sonra hər iki alim üzr istəyib və təhdid olunduqları barədə məlumat veriblər.
Afrika COVID-19 koronavirusundan ən az zərər çəkmiş qitə olaraq qalmaqdadır. Hazırda təqribən 10 min yoluxma və təqribən 500 ölüm faktı qeydə alınıb. Lakin dünya səhiyyə orqanları pandemiyanın dünyanın ən zəif səhiyyə sistemlərinə təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid