CƏMİYYƏT


Ümumdünya Təmizlik Günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək

Bakı, 10 avqust, AZƏRTAC

“Azərbaycan Könüllülər” İctimai Birliyi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə icra etdiyi “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində sentyabrın 21-də paytaxtda Ümumdünya Təmizlik Günündə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirəcək.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, 250-dən çox könüllünün iştirak edəcəyi kampaniyanın məqsədi ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını artırmaqdır.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunub.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunub, eyni zamanda, onların Ümumdünya Təmizlik Günü münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilib.

Ekoloji kampaniyada iştirak etmək istəyənlər aşağıda https://forms.gle/m1sQnxezEN6tw9NS9 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.