DÜNYA


Ümumdünya Ticarət Təşkilatı: Peyvənd patentlərinə dair mübahisələrə son qoyula bilər

Cenevrə, 29 yanvar, AZƏRTAC

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yoxsul ölkələrin təminatı üçün koronavirusa qarşı peyvənd patentlərinə dair mübahisələrə son qoyulacağına ümid edir.

AZƏRTAC xəbər verir ki, gələn həftə tərəfləri qane edən güzəştli həll variantı qəbul edilə bilər. Bu barədə təşkilatın rəhbəri Nqozi Okonyo-İveala danışıb. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə texnologiyaların transferi və əqli mülkiyyət məhsullarına çıxış imkanı asanlaşdırılacaq. Bu addımla bərabər innovasiya və tədqiqatlara dair müəllif hüquqlarının qorunması təmin olunacaq.

Qeyd edilib ki, əqli mülkiyyətin qorunmasının prioritet olması ehtiyacı olan ölkələrin peyvənd maddələrinə çıxış qarşısında sədd olmamalıdır. Ötən ilin oktyabr ayında ÜTT çərçivəsində Hindistan və Cənubi Afrika Respublikası koronavirusa qarşı peyvənd maddələri üzərində patent hüququnun müvəqqəti ləğv edilməsini, bu yolla inkişaf etməkdə olan ölkələrdə peyvənd istehsalını artırmağı və peyvəndlərin dünyada qeyri-ədalətli paylanmasını aradan qaldırmağı təklif etmişdilər. Həmin vaxtdan ÜTT üzv ölkələri arasında bu mövzuda müzakirələr aparılır. Əczaçılıq konsernləri və onların yerləşdiyi ölkələr müzakirələrdə iddia edirlər ki, patentlərin qorunması peyvənd istehsalının artırılması üçün əsas maneə deyil.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.