DÜNYA
Ümumdünya Ticarət Təşkilatı: “hərtərəfli böhran” dövründə qlobal resessiya gözlənilir
Bakı, 27 sentyabr, AZƏRTAC
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonco-İveala belə bir proqnoz verib ki, Ukraynada müharibə, enerji daşıyıcılarının və ərzağın bahalaşması, iqlim dəyişmələrinin əlverişsiz nəticələri kimi səbəblər üzündən eyni vaxtda yaranmış böhranlar dövründə qlobal resessiya başlanacağı gözlənilir.
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu fikirləri Ümumdünya Ticarət Təşkilatının Cenevrədə keçirilən illik ictimai forumunun açılışında Təşkilatın baş direktoru, nigeriyalı Nqozi Okonco-İveala çıxış edib. O qeyd edib ki, yaxınlaşan resessiyanın əlamətləri heç də təsəlliverici deyil: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu öz artım proqnozlarını azaldıblar.
Baş direktor deyib: “Biz qlobal resessiyanın astanasındayıq, lakin eyni zamanda biz bərpa barədə, artım dövrünə qayıtmaq barədə fikirləşməliyik”.
Nigeriyalı siyasətçi vurğulayıb ki, dünyada çox mürəkkəb vəziyyət yaranıb. Təhlükəsizliyə, iqlimə, enerji daşıyıcılarının və qida məhsullarının qiymətlərinə təsir göstərən “hərtərəfli böhran” eyni zamanda bütün ölkələri əhatə edir. Onun sözlərinə görə, “indi biz işlərimizi adi qayda üzrə davam etdirə bilmərik, biz yeni ideyalar barədə düşünməliyik”.
ÜTT-nin rəhbəri qeyd edib ki, indiki şəraitdə mərkəzi banklar yalnız bir tədbir görə bilərlər – faiz dərəcələrini artırmaq. Bununla belə o əmin edib ki, faiz dərəcələrinin artırılması inkişaf etməkdə olan və bazar münasibətləri təzə-təzə formalaşan ölkələr üçün çox ciddi nəticələrə gətirib çıxaracaq.
Nqozi deyib: “Bu iqtisadiyyatlar öz siyasətinə düzəliş edir, faiz dərəcələrini artırır, lakin inkişaf etmiş ölkələrin diktə etdiyi şərtlər inkişaf etməkdə olan ölkələrin borclarına və kapital axınına təsir göstərir, ona görə bu tədbirləri qiymətləndirmək çətindir”.