CƏMİYYƏT
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
Bakı, 2 mart, AZƏRTAC
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcəklər.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik vəhşi təbiətin oyanışını, baharın ilk əlamətlərini, göz oxşayan dəyişikliklərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusunu duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyənləri milli parklara səyahət etməyə dəvət edir.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.
Xatırladaq ki, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.