CƏMİYYƏT


Ümumdünya səhiyyə təşkilatının himayəsi altında ayıq olmağa çağıran “We Are Family” kampaniyasına start verilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Qışın yaxınlaşması ilə şimal yarımkürəsində xüsusilə Avropa və Şimali Amerikada COVID-19-a yoluxma hallarının sayı artır. Növbəti bir neçə ay çətin olacaq. Ümumdünya səhiyyə təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bu barədə Cenevrədə keçirdiyi brifinqdə bildirib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru bu gün bu təşkilatın himayəsi altında pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönəlmiş “We Are Family” (Biz – ailəyik) kampaniyasına start verildiyini elan edib.

“Mən, ÜST-nin “Slec bacıları” əfsanəvi qrupundan olan Kim Slec və World We Want təşkilatının təsisçisi Nataşa Mudxar ilə işləmək şərəfinə sahib olduğunu bildirməyə çox şadam. Bu gün biz COVID-19 əleyhinə qlobal həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş We Are Family yeni kampaniyasına start verildiyini elan edirik”, - deyə, doktor Tedros bildirib.

“We are Family” adlı populyar mahnının xüsusi versiyasının çıxışı məşhurların, həkimlərin, liderlərin və ictimaiyyət nümayəndələrinin birlikdə mahnını ifa edəcəyi video ilə müşayiət olunacaq. Kampaniya çərçivəsində bütün dünyada insanlara həmçinin onu yaxınları və dostları ilə ifa etmək və videonu sosial şəbəkələrdə paylaşmaq təklif olunur.

Yeni təşəbbüsün məqsədləri – səhiyyə sahəsində qlobal problemlərin həlli üçün vəsaitlərin toplanması, beynəlxalq əməkdaşlığın qurulması və təhlükəli virusla mübarizədə hər kəsin məsuliyyətinin artırılmasıdır.

“We Are Family” əfsanəvi hitin xüsusi versiyası Ümumdünya Səhiyyə Assambleyası sessiyasının açılış mərasimi münasibətilə 2020-ci il noyabrın 9-da yüklənməsi məqsədilə şəbəkədə yerləşdiriləcək. Həmin Assambleyada, həmçinin Kim Slecin Nyu-Yorkdan Tonqayadək müxtəlif ölkələrdən və şəhərlərdən olan ifaçılarla birlikdə çıxışı planlaşdırılıb. Mahnı yazısının satışından əldə olunan gəlirin bir hissəsi mühüm tibbi xidmətlərin maliyyələşdirilməsi üçün ÜST-nin Fonduna köçürüləcək.

“Biz – ailəyik” mahnısı ilkin tibbi yardım həkimləri və tibb bacılarından təcili yardım işçiləri və polis əməkdaşlarınadək, akuşer və alimlərdən cəmiyyətin həssas üzvlərinə qulluğu təmin edən kadrlara qədər hamıya və hər kəsə müraciət ediləcək. Məqsəd - koronavirus infeksiyasının baş verməsi nəticəsində dünyanın qarşılaşdığı görünməmiş çətinliklər qarşısında insanlara birlik, güc və həmrəylik hissi bəxş etməkdən ibarətdir”, – deyə Kim Slec qeyd edib.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus hesab edir ki, “Biz – ailəyik” mahnısı sadəcə bir mahnı deyil. Onun sözlərinə görə, bu, hərəkətə, əməkdaşlığa, xeyirxahlığın göstərilməsinə çağırışdır. O, ailənin gücü və həyatın çətin anlarında yaxınlıqda olana köməyin göstərilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi barədə xatırladır.

ÜST-nin rəhbəri hesab edir ki, bu gün bu qarşılıqlı yardıma həmişəkindən daha çox ehtiyac duyulur, axı yoluxmaların sayı sürətlə çoxalır, bu isə o deməkdir ki, xəstəxana çarpayılarına, o cümlədən reanimasiya şöbələrində, ehtiyacı olan insanların sayı artır.

“Şimal yarımkürəsində qışın gəlişi ilə biz xüsusilə Avropa və Şimali Amerikada COVID-19-a yoluxma hallarının sayının artmasını müşahidə edirik”, - deyə ÜST rəhbəri bildirib. O təkrar edib ki, şimal yarımkürəsində pandemiya həyəcanlı mərhələyə qədəm qoyub – yoluxma səviyyəsi mart ayında xəstəliyin zirvəsi zamanı ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.

Doktor Tedros, koronavirus xəstəliyinin bədəndə oksigen səviyyəsinin azalmasına gətirib çıxardığını xatırladıb. Bir çox insan hər gün hipoksemiya - qanda oksigenin kəskin çatışmazlığından ölür. ÜST rəhbəri hesab edir ki, bu ölümlərin qarşısı alına bilər və tərəfdaşları ilə birlikdə on minlərlə oksigen konsentratını, pulsoksimetrini və monitorları 100-dən çox ölkəyə çatdırıblar.

Tedros Qebreyesus bildirib ki, artıq 184 ölkə vaksinlərin hazırlanması və istehsalı məsələləri ilə məşğul olan proqrama - COVAX Beynəlxalq Alyansına qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.