ELM VƏ TƏHSİL
Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
Bakı, 8 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 28-də elan etdiyi ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 10 dövlət orqanında mövcud olan 29 vakant vəzifə üzrə 29 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 87 müsahibənin keçirilməsi planlaşdırılır.
Yüksək müsabiqə vəziyyətinin müşahidə olunduğu vəzifələr Hesablama Palatasının iqtisadi sahələrin auditi şöbəsinin aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin qeydiyyat sektorunda məsləhətçi (1 vakant yer üzrə 10 nəfər) vəzifələridir.
Müsahibələrin aprelin 15-dən mayın 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizəd müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydə alınır. Seçilmiş vəzifədən imtina etmək üçün namizəd müsahibələrin keçirilmə qrafikində öz adını seçib, şəxsi kabinetə daxil olduqdan sonra müraciət formasında olan “İMTİNA” düyməsini sıxmalıdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.