ELM VƏ TƏHSİL
Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
Bakı, 20 iyun, AZƏRTAC
Mayın 16-da elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibələr iyulun 1-dən 8-dək keçiriləcək. Elan üzrə 5 dövlət orqanında mövcud olan 26 vakant vəzifə üzrə 30 yer ümumi müsahibəyə çıxarılıb. Vəzifələr üzrə 45 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə Hesablama Palatası Hüquq və kadr məsələləri şöbəsi, Hüquqi təminat sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 8 namizəd) vəzifəsi olub.
Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizəd seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.
Namizədlərdən müsahibə vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.