ELM VƏ TƏHSİL
Ümumi müsahibəyə ən çox vəzifəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi təqdim edib
Bakı, 24 iyun, AZƏRTAC
İl ərzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumilikdə 7 ümumi müsahibə elanı verilib. Elanlar çərçivəsində 29 dövlət orqanında mövcud olan 156 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumi müsahibəyə təqdim edilib.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, ümumi müsahibəyə ən çox vəzifəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi (36 vəzifə) təqdim edib, ən çox müraciət də həmin orqan tərəfindən elana çıxarılmış vəzifələr üzrə (155 müraciət) qeydə alınıb. Vəzifə başına düşən müraciət sayına görə isə dövlət orqanları arasında İqtisadiyyat Nazirliyi (17 müraciət), Hesablama Palatası (14 müraciət), Dövlət Turizm Agentliyi (10 müraciət) və Məhkəmə-Hüquq Şurası (21 müraciət) üzrə daha yüksək nəticə göstərib.
Ümumi müsahibələrdə iştirak edənlərin böyük əksəriyyətini kişilər (76,11 faiz) təşkil edir. Qadınlar müsabiqənin müsahibə mərhələsi (47,63 faiz) ilə müqayisədə ümumi müsahibədə daha az (23,89 faiz) iştirak ediblər. Ümumi müsahibələrdə iştirak edənlər arasında 25-29 (21,64 faiz), və 30-34 (20,89 faiz) yaş qrupuna aid namizədlər üstünlük təşkil etsə də, demək olar, bütün yaş qrupları üzrə aktivlik müşahidə edilib. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsinə nisbətən (1,8 faiz) ümumi müsahibədə daha fəal iştirak ediblər (39,17 faiz). Müsabiqənin müsahibə mərhələsində gənclər iştirakçıların 81,05 faizini təşkil etsə də, ümumi müsahibələrdə bu göstərici ciddi dərəcədə aşağı – 22,76 faiz olub. Ümumi müsahibədə iştirak etmiş namizədlərdən 7 nəfərinin yaşı (2,6 faiz) 60-dan yuxarı olub.