ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanır VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). İyulun 2-dən etibarən ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanır və bu tədbir iyulun 10-dək davam edəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Abituriyentlər, eyni zamanda, elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədilə TQDK tərəfindən bu təhsil pilləsinə 2013-cü ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur.
Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur.
Abituriyentlər unutmamalıdırlar ki, ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ötən il builkindən fərqli olaraq 3 fənn üzrə aparılırdı. Bundan əlavə, nəticələrin hesablanma qaydasında da ciddi dəyişikliklər edilmişdir. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi istiqaməti öyrənə, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.