ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatıb VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). Ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq orta ixtisas təhsili müəssisələrinə cari il məzunlarının (IX sinfi 2014-cü ildə bitirənlər) qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılıb. Ötən illərin məzunları üçün kolleclərə qəbul imtahanı isə bu il iyunun 29-da keçirilib.
Abituriyentlərə imtahanda ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual olmaqla, ümumilikdə, 60 sual təqdim olunub. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilib. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşib və toplanıla bilən maksimal bal 60-a bərabər olub.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılıblar.
TQDK tərəfindən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin ballarının paylanma cədvəli təqdim olunub.
Xatırladaq ki, bu təhsil səviyyəsi üzrə ayrılmış plan yerlərinin sayı ötən illə müqayisədə xeyli azalıb.