ELM VƏ TƏHSİL
Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi başlayır
Bakı, 15 sentyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə sentyabrın 15-i saat 11:00-da start veriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 17-si saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 yer seçmək imkanı veriləcək.
Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Təhsil Nazirliyi vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.
Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.