ELM VƏ TƏHSİL
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil olunub
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mühazirələrdə bu qurumun nümayəndələri, məktəb rəhbərləri, təhsil işçiləri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov pedaqoji mühazirələri dinləyib, bu mühazirələrin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını vurğulayıb, müəllimlərə tövsiyələrini verib.
Pedaqoji mühazirələr 2 mərhələdə təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Mühazirələr hər bölmə üzrə dinlənilib və 10 ballıq sistemlə qiymətləndirilib.
Pedaqoji mühazirələrin yazılmasında müəllimlər, məktəb rəhbərləri, metodistlər, məsləhətçilər və psixoloqlar iştirak ediblər.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.