ELM VƏ TƏHSİL
Ümummilli Lider Azərbaycanın uğurlu inkişafının əsasını qoyub
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
BİTKol-dan AZƏRTAC-a bildirilib ki, kollecin direktoru Varis Allahverdiyev müstəqilliyin əldə edilməsindən ötən 26 ildə ölkəmizdə baş verən ictimai-siyasi proseslərdən söhbət açıb. Bildirilib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb. Məhz belə bir məqamda Azərbaycan xalqı dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Ulu Öndərin ölkə rəhbəri kimi həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb, 1994-cü ildə atəşkəs haqqında saziş imzalanıb, bununla da müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edilib.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra görülən işlərdən söhbət açan V.Allahverdiyev 1993-2003-cü illəri müstəqilliyimizin ikinci dövrü adlandırıb. Qeyd edilib ki, bu illərdə Ümummilli Liderin böyük uzaqgörənliklə atdığı bütün addımlar Azərbaycanın sabahının, onun uğurlu inkişafının möhkəm əsaslarını qoyub. Müdrik Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək Ulu Öndərin siyasi varisi İlham Əliyevi ölkə Prezidenti seçib. V.Allahverdiyev deyib ki, 2003-cü ildən başlayaraq Azərbaycanın sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü - möhtəşəm quruculuq dövrü sayılır. Bu dövrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biliklərə dayanan cəmiyyətin yaradılması sahəsində ciddi işlər görülür.
Tədbirdə kollec direktorunun tərbiyə işləri üzrə müavini Xalid Məcidov, direktorun tədris istehsalat işləri üzrə müavini Şakir Mikayılov bu günün tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.