CƏMİYYƏT


Ümummilli Lider Heydər Əliyev azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirib

Bakı, 23 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində misilsiz xidmətlərindən danışıb.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiyini qeyd edən R.Fəradov dahi rəhbərin ideyalarının əsasında azərbaycançılıq, Vətən, xalq, millət sevgisinin və dövlətə sədaqət hissinin dayandığını bildirib.

Sözünə davam edən Xidmət rəisi deyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi kurs ölkəmizin hərtərəfli inkişafına təminat verir.

Sonra Ulu Öndərin mənalı həyat yolundan və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.