Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya
AzerTAg.az

Bakı, 6 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə “Heydər Əliyev irsi: elm və təhsil” və “Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının banisidir” mövzularında məruzələr edilib. Qeyd olunub ki, fitri idarəetmə istedadı, dərin zəka, müdriklik, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin uğurlu daxili və xarici siyasi kursu müəyyənləşdirildi, yeni neft strategiyasının əsası qoyuldu, Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrildi. Siyasi təcrübəsində hər zaman elmin ən yeni nailiyyətlərindən faydalanan Ulu Öndər müxtəlif elmi və mədəni sahələrin inkişafı ilə bağlı məsələlərin həllinə yüksək həssaslıqla yanaşaraq cəmiyyətin tərəqqisini məhz elm və təhsilin inkişafı ilə əlaqələndirirdi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə müstəqilliyin təməlini məhz ölkənin sosial-iqtisadi dirçəlişi ilə şərtləndirirdi.
Elmi sessiyada müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açılıb. Çıxış edənlər dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.
Xəbərin mətnində orfoqrafik səhv var