ELM VƏ TƏHSİL


Ümummilli Lider arxeologiya və etnoqrafiya elmlərinin inkişafına xüsusi diqqət yetirib

Bakı, 12 iyun, AZƏRTAC 

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan “2018-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbiri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq Ulu Öndərin 1969-cu ildə respublikada hakimiyyətə gəlməsi ilə ölkəmizin taleyində yeni mərhələnin başladığını və inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, Ümummilli Liderin Azərbaycan elminin inkişafında, milli kadr potensialının formalaşmasında, ana dilimizin qorunması və inkişafında mühüm xidmətləri olub. Akademik, həmçinin Ulu Öndərin ölkəmizdə maddi-mədəni irsin qorunmasında, təbliğində, eləcə də arxeologiya və etnoqrafiya elmlərinin inkişafında misilsiz işlər gördüyünü bildirib. O, bu gün arxeoloji irsimizin qorunub saxlanılmasının, bərpa edilməsinin, cəmiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıb. Bundan əlavə, regionlarda arxeoloji muzeylərin, o cümlədən açıq səma altında muzeyin yaradılmasının önəmli olduğunu söyləyib.

N.Axundova Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən respublikanın bütün regionlarında arxeoloji qazıntıların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, tarixi faktların monoqrafiyalar və məqalələrdə öz əksini tapdığını deyib.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya sektorunun təşkil edildiyini və ölkənin bütün bölgələrinə arxeoloji və etnoqrafik ekspedisiyaların göndərildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə arxeoloji və etnoqrafik tədqiqatların 100 ildən artıq tarixinin olmasına baxmayaraq bu sahələrdə inqilabi inkişafa yalnız Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, ötən əsrin 70-80-ci illərində nail olunub. Arxeoloqlarımızın apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib. Həmin dövrdə ölkəmizin bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb.

M.Rəhimova Ümummilli Liderin təşəbbüsü ilə 1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarın qəbul olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Ulu Öndərin hələ SSRİ dövründə Naxçıvanda Qarabağlar türbəsinin, Qusar rayonundakı Həzrə türbəsinin, o cümlədən Şamaxı Cümə məscidinin təmir-bərpa olunmasında qətiyyət göstərdiyini vurğulayıb. O, bu gün Prezident İlham Əliyevin də ölkəmizdə arxeologiya və etnoqrafiya elmlərinin inkişafına böyük diqqət yetirdiyini, yeni tarixi-etnoqrafik muzeylərin yaradılması barədə sərəncamlar imzaladığını söyləyib. İnstitutun direktoru, həmçinin bu gün Yaponiya, Cənubi Koreya, ABŞ, Fransa, Almaniya, İtaliya və s. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq ekspedisiyaların milli arxeologiyamızın dünya səviyyəsində tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Sonra bölmələrdə 2018-ci ildə aparılan arxeoloji və etnoqrafik tədqiqatlar üzrə məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.