ELM VƏ TƏHSİL
Ümummilli Lider mənəvi dəyərlərimizin qoruyucusu və hamisi kimi ürəklərdə yaşayır
Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi sessiya keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sessiya iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra BXA-nın rektoru, Əməkdar Elm Xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. T.Əfəndiyev bildirib ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı Ümummilli Liderin siyasi fəaliyyətinin mühüm tərkib hissəsi olub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edib, bu sahədə misilsiz xidmətlər göstərib.
Professor vurğulayıb ki, azərbaycançılıq ideologiyası Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır. Ulu Öndər bütün ömrü boyu məhz bu müqəddəs və ali məqsədə nail olmaq üçün çalışırdı. O, bu yolda bədii ədəbiyyatımızın, incəsənətimizin və bütövlüklə mədəniyyətimizin böyük imkanlarına güvənirdi.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürüb, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirib. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət bəsləyən Ümummilli Lider həm də bu dəyərlərin qoruyucusu və hamisi kimi ürəklərdə yaşayır. Ulu öndər Heydər Əliyev milli mədəniyyətimizi, xalqımızın qiymətli sərvətlərini qoruyub saxlamaq üçün bir çox əhəmiyyətli addımlar atıb. Dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Cavid həmişə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub.
Rektor məruzəsində dahi və müdrik rəhbər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini də vurğulayıb. T.Əfəndiyev qeyd edib ki, Azərbaycanın bugünkü tarixi, siyasi, iqtisadi və mədəni uğurlarının mövcudluğu və davamlılığı Prezident İlham Əliyevin məhz ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyi nəticəsində mümkün olub.
Sessiyada Xalq Rəssamı, professor Ağaəli İbrahimov, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, professor Əlikram Tağıyev və BXA-nın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova, elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq Artisti Təranə Muradova, eləcə də bu ali məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev ulu öndər Heydər Əliyevin mədəniyyət, elm və təhsil sahələrinin inkişafında misilsiz xidmətlərindən söz açıblar.
Sessiya Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən filmin nümayişi ilə yekunlaşıb.