SİYASƏT
Ümummilli Liderin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir
Lerik, 14 iyun (AZƏRTAC). Lerik şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə bildirilmişdir ki, 21 il bundan əvvəl - 1993-cü ilin iyun ayında müstəqilliyinin ilk illərini yaşayan Azərbaycan bir tərəfdən Ermənistan silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, digər tərəfdən isə daxildəki təxribatçı, separatçı qüvvələrin əməlləri nəticəsində parçalanmaq və vətəndaş müharibəsi həddinə çatmışdır.
Xalqımızın taleyinin həll olunduğu o ağır məqamda - 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi vəziyyəti kökündən dəyişdirmişdir. Ümummilli Liderin uzaqgörən siyasəti, həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkəmiz dağılmaqdan, daha böyük fəlakətlərə yuvarlanmaqdan xilas edilmişdir.
Bildirilmişdir ki, dahi rəhbər Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ötən illərə nəzər salaraq tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev dahi rəhbərin ideyalarını böyük əzmkarlıqla həyata keçirir.
Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisi olmuşdur.
2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykinin uğurla orbitə buraxılması ilə Azərbaycan Respublikası kosmik dövlət kimi tanınmışdır.
Sevindirici haldır ki, bu gün ölkəmiz bir sıra beynəlxalq forumlara, dünyanın tanınmış siyasi xadimlərinin, elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. 2015-ci ildə ilk Avropa Oyunları da ölkəmizdə keçiriləcəkdir.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı Dövlət proqramları uğurla həyata keçirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni iş yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bu gün ölkəmizin regionları sürətlə inkişaf edir. Bunu Lerik rayonunun timsalında daha aydın görmək olar.
Toplantı iştirakçıları 1993-cü ilin 15 iyununu müstəqil Azərbaycanın tarixində nicat günü kimi qiymətləndirərək dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qazanılmış uğurlardan danışmış, respublikamızın tərəqqisini təmin edən siyasi xəttin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.