REGİONLAR
Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri var
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana ulu öndər Heydər Əliyev kimi təcrübəli bir şəxsin rəhbərlik etməsi xalqımızı böyük bəlalardan qurtardı. Məhz Heydər Əliyev amili 1993-cü ildə ölkəmizi tam işğal olunmaq, bir neçə hissəyə parçalanmaq, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yoluna qədəm qoydu, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik bərqərar olundu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfransda bildirilib.
Konfransdan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, bu gün dünya dövlətləri arasında güclü nüfuz sahibi olan müstəqil Azərbaycanın inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.
Konfransda Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən digər natiqlər də Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında danışıb, dahi şəxsiyyətin uzaqgörən siyasətindən söz açıblar.