ELM VƏ TƏHSİL
Ümummilli Liderin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri gənclər arasında təşviq edilir
Bakı, 19 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi keçirilir.
Aprelin 19-da ADU-da məqalə müsabiqəsi haqqında tələbələri məlumatlandırmaq məqsədi ilə tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin məqsədindən danışıb və AQUPDK-nın fəaliyyətini yüksək dəyərləndirib. Komitənin qadın hüquqları ilə bağlı məqalə müsabiqəsi keçirdiyini bildirən Ə.Əliyev tələbələrə layihənin iştirakçısı olmağı tövsiyə edib.
Milli Məclisin deputatı, YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva, YAP Mərkəzi Aparatının əməkdaşı Zəkiyyə Musayeva və AQUPDK-nın gender məsələləri üzrə aparıcı məsləhətçisi Sahibə Fərəcova Azərbaycan cəmiyyətində qadınların müsbət rolundan, onların zaman keçdikcə möhkəmlənən mövqeyindən və qadın hüquqlarından, gender siyasətinin prioritet məsələlərdən biri olmasından danışıb, müxtəlif sahələrdə qadınların fəaliyyətinin dəstəklənməsini dövlət qayğısının göstəricisi kimi dəyərləndiriblər.
Tədbirdə AQUPDK-nın fəaliyyət istiqamətləri, onun əsas vəzifələri, eyni zamanda, bu qurumun elan etdiyi məqalə müsabiqəsinin şərtləri haqqında məlumat verilib.
Tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkarlanmasına şərait yaratmaqdır.