REGİONLAR
Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib
Tərtər, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatının 15-ci ildönümünü ehtiramla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Tərtərlilər dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub. Nadir görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi, Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider 1978-ci ildə elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.