SİYASƏT


Ümummilli Liderin anadan olmasının 96 illiyi münasibətilə İsveçdə tədbir keçirilib

Stokholm, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın İsveçdəki səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və Azərbaycanın İsveçdəki diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətləri barədə danışıb. Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı, xalqımızın firavanlığı uğrunda apardığı düşünülmüş siyasətin mahiyyətindən söz açan diplomat bildirib ki, bu böyük şəxsiyyətin prinsipial, qətiyyətli qərarları, siyasi uzaqgörənliklə atılmış addımları Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasına səbəb olub.

Heydər Əliyevin Azərbaycan xalqının ən çətin günlərində xilaskarlıq missiyasını uğurla yerinə yetirən əsl lider olduğunu qeyd edən Günəş Rüstəmzadə deyib ki, Ulu Öndərin apardığı siyasətin əsasında Azərbaycanın inkişafını, azadlığını və güclənməsini təmin etmək istəyi olub.

Ulu Öndərin rəhbərliyi ilə idarəetmənin bütün sahələrində köklü islahatların aparıldığını, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görüldüyünü bildirən müvəqqəti işlər vəkili bütün bunların güclü Azərbaycan dövlətinin formalaşmasına xidmət etdiyini qeyd edib.

Ümummilli Liderin beynəlxalq siyasi müstəvidə atdığı addımlardan söz açan G.Rüstəmzadə Heydər Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti ilə bağlı geniş danışaraq, mahir bir diplomat kimi Ulu Öndərin Azərbaycanın xarici siyasətinin əsas memarı olduğunu bildirib.

Sonra təhsil üzrə mütəxəssis Emin Məhərrəmov çıxış edərək Heydər Əliyevin hələ keçən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin ən tanınmış təhsil müəssisələrində təhsil alaraq vətənə qayıdıb ölkəmizə töhfə verməsi istiqamətində həyata keçirdiyi siyasətdən, bunun bugünkü Azərbaycanın inkişafında rolundan danışıb.

Digər çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətindən söz açaraq onun ölkəmizin inkişafı uğrunda fəaliyyətini müsbət qiymətləndirib və şəxsi xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.